Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

KİTAB TƏQDİMATI KEÇİRİLİB

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında pedaqogika üzrə fəlsəfə doktoru, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekan müavini Mirhəsən Eminovun “İngilis dilinin tədrisi metodikası” fənninin tədrisində İKT-nin tətbiqi təcrübəsindən (Müxtəsər izahlar və sxemlər) kitabının təqdimetmə mərasimi keçirilib. Tədbiri rektor, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov açaraq vurğulayıb ki, universitet əməkdaşı Mirhəsən Eminovun əməyinin bəhrəsi olan yeni dərs vəsaiti ingilis dilinin tədrisində həm müəllimlər, həm də tələbələr üçün dəyərlidir. Qeyd olunub ki, yeni dərs vəsaiti tələffüz vərdişlərinin aşılanması, qrammatikanın mənimsədilməsi və lüğətin öyrədilməsi, şifahi nitqin, oxu və yazı təliminin İKT vasitəsilə öyrədilməsi, eləcə də dərsin planlaşdırılmasını beynəlxalq standartlar səviyyəsində həyata keçirməyin müxtəlif yollarını özündə əks etdirir. Rektor, xeyli zəhmət və gərgin əmək hesabına ərsəyə gələn bu vəsaitin, dil öyrənənlər üçün layiqli töhfə olduğunu bildirib. İngilis dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Ceyran Quliyeva yeni nəşr barədə ətraflı məruzəsində qeyd edib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 noyabr 2012-ci il tarixli 2054 saylı əmri ilə metodik vəsait kimi təsdiq edilən bu kitabdan, ingilis dilini öyrənmək istəyən hər bir kəs bəhrələnə bilər. Vəsait hazırlanarkən uzunmüddətli təcrübə və müşahidələrə, mütəxəssis və dil öyrənənlərin istəklərinə istinad edilib. Kitabda təlimin metodlarından, kommunikativ dil tədrisindən, qiymətləndirmə növləri və formalarından, vizual materialların istifadəsindən, müəllimin müasir dövrdə, məhz interaktiv təlim metodunda daşıdığı vəzifələrdən və rolundan bəhs olunur. Pedaqogika üzrə elmlər doktoru, Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri Elbəyi Maqsudov, filologiya üzrə fəlsəfə doktoru İlhamə Məmmədova, magistr Sərcan Axundova çıxış edərək, nəşr olunmuş yeni dərs vəsaitinin əsas elmi məziyyətlərindən, müxtəlif yerli və xarici elmi mənbələrə istinadən yazılmasından danışıblar. Sonda müəllif tədbirin təşkilatçılarına, yeni kitabın araya-ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)