Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında universitetin Ümumi təbabət kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cəbi İsmayılovun “Anesteziya, reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri” ktabının təqdimat mərasimi keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq Naxçıvan Muxtar Respublikasında səhiyyənin və tibb təhsilinin müasir inkişaf səviyyəsi, yerli mütəxəssis hazırlığına dövlət qayğısı, müasir tipli müxtəlif səhiyyə ocaqlarının istifadəyə verilməsi, əhaliyə tibbi xidmətin yaxşılaşdırılması haqqında danışıb. Rektor, Naxçıvanda cərrahiyyənin inkişafında özünəməxsus rolu olan, Azərbaycan Respublikasının əməkdar həkimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Cəbi İsmayılovun müəllifi olduğu yeni dərs vəsaitinin anesteziya və reanimasiya sahəsində ana dilində olan elmi, praktiki nəşr qıtlığını aradan qaldırılması baxımından əhəmiyyətindən, elmi məziyyətlərindən danışıb, müəllifə elmi-pedaqoji yaradıcılıqda, həkimlik fəaliyyətində uğurlar arzu edib. Ümumi təbabət kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasınını əməkdar həkimi İsa Abdullayev məruzə edərək yeni elmi nəşri anesteziologiya və reanimasiya elminə tarixilik və müasirlik nöqteyi-nəzərindən kompleks yanaşan bitkin, aktual bir əsər kimi dəyərləndirib. Müəllif anestizioloqların hər birinin bilməsi və əməl etməsi labüd olan vəzifələri punktuallıqla müəyyənləşdirib. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Anesteziologiya-Reanimasiya şöbəsinin həkimi Elsevər Ağəliyev çıxışında vurğulayıb ki, Cəbi həkim praktiki fəaliyyətində olduğu kimi, bu elmi nəşrlə də bəzən dırnaqarası baxılan, etinasız yanaşılan anesteziologiyanın zəruri, əhəmiyyətli elm sahəsi olduğunu bir daha təsdiq edib. Kitab tənəffüs yollarının anatomiyası, traxeyanın çətin intubasiyaları, ekstubasiyalar ilə bağlı nəzəriyyəyə və praktikiya söykənən elmi yeniliklərlə maraq doğurur. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Cərrahiyyə şöbəsinin cərrahı, tibb üzrə fəlsəfə doktoru Etibar Bababəyli bildirib ki, yeni dərs vəsaiti həkimlər, tibb işçiləri, tələbələr, ordinatorlar, rezidentlər və paramediklər üçün qiymətli elmi ədəbiyyatdır. İnsan həyatının xilas edilməsi, ölüm hallarının minimuma endirilməsi üçün tibbin istənilən sahəsində çalışan həkimlər reanimasiya metodlarını mənimsəməli, ekstremal vəziyyətdən çıxış yolu tapmağı bacarmalıdırlar. Buna görə də yeni dərs vəsaiti tibb sahəsində çalışan mütəxəssislərinin stolüstü kitabı olmağa layiqdir. Sonda müəllif çıxış edərək kitabın araya-ərsəyə gəlməsində əməyi keçənlərə, tədbirin təşkilatçılarına minnətdarlıq edib, müqəddəs həkimlik sənətinin şərəfli, ağır və məsuliyyətli cəhətlərindən danışıb, tələbə və rezidentlərə dəyərli tövsiyyələr verib. Tədbir yeni kitabın müəllif hədiyyəsi ilə yekunlaşıb.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.