Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Tarixi şəxsiyyətlər və bədii obrazların komponenti”

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Tarixi şəxsiyyətlər və bədii obrazların komponenti” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə giriş sözü ilə çıxış edən “Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Universitet şəhərciyi ərazi ilk partiya təşkilatının sədri Arzu Abdullayev tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, son zamanlar Elmi Kitabxanada xüsusi adlı, mahiyyətcə dərin və qavramlı, tələbələr tərəfindən maraqla qarşılanan tədbirlərə böyük yer verilir. Arzu Abdullayev tədbirdə bildirmişdiki, Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış, unudulmamışdır. Böyük şəxsiyyətlərin yalnız doğum tarixi olur, onların ölüm tarixləri olmur. Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. Təbiət bu keyfiyyətləri yalnız seçilmiş adamlar - zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Tarixin müəyyən dövrlərində müxtəlif tarixi proseslərə təsir etmək imkanına malik olan bir çox dahi şəxsiyyətin fəaliyyətindən söz açmış, Ulu Öndər, dahi şəxsiyyət və böyük insan, XX əsrin görkəmli dünya siyasətçiləri arasında əvəzedilməz yeri olan Heydər Əliyevin tarixi obrazı xalqımızın yaddaşında və qəlbində əbədi iz salmasından, həmçinin Şərq-Qərb tarixi ərazilərini təmsil edən dövlət başçıları, sərkərdələr, diplomatların düşüncələri və fəaliyyətləri haqqında müfəssəl məlumatları diqqətə çatdırılmışdır. Tədbirdə məruzəçi qismində çıxış edən “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi Əli Həşimli vurğulamışdır ki, tarixi şəxsiyyətlərin Azərbaycan ədəbiyyatına gətirilməsinin tarixi o qədər də qədim deyil. N.Nərimanov, M.S.Ordubadi, S.Vurğun, Y.V.Çəmənzəminli, Ə.Cəfərzadə, S.Rüstəmxanlı, Aqil Abbas, Fərman Kərimzadə kimi qələm ustadlarının yaradıcılığında xalqımızın tarixində mənfi, ya da müsbət rolu olan şəxsiyyətlərin obrazları canlanıb, povestlərə, cild-cild romanlara çevrilib. Bu qələm sahiblərinin sayəsində Sözün və Şərtlərin imkan verdiyi qədər bu tarixi şəxsiyyətlər ədəbi faktlara çevrilib. Elmi kitabxananın direktoru Fariz Əhmədov çıxış edərək bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin obrazı Azərbaycan xalqının qəlbində və təxəyyülündə əbədi iz buraxmışdır. O cümlədən, şairlər, yazıçılar, publisistlər, dramaturqlar, ədiblər xalqın ümummilli liderinin, xilaskarının, dahi şəxsiyyət və fenomen yaddaşa malik olan dahi rəhbərin tarixi və bədii obrazını yaratmağa çalışmışlar. Dəyirmi masa ətrafında yer alan tələbələrin diqqətinə çatdırılmışdır ki, Heydər Əliyev obrazı bir sıra memuar nəsri nümunələrində - Anarın "Unudulmaz görüşlər", Elçinin "Tarixlə üz-üzə dayanmış adam", Mövlud Süleymanlının "Qırx ilin yeddi görüşü", İsa Hüseynovun "Həyatımdan səhifələr", Vidadi Babanlının "Unutmadığım günlər", Hafiz Paşayevin "Bir səfirin manifesti", Səyyad Aranın "Heydər Əliyevin Amerika fəthi", Hüseynbala Mirələmovun "İşığın izi ilə" əsərlərində bu və ya digər profildən, Ulu Öndərlə görüşlərdən doğan canlı təəssürat əsasında əksini tapmışdır. Sonda tələbələri maraqlandıran suallar cavlandırılaraq tədbirə yekun vurulub.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)