Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

"Kitablardan pıçıltılar" adlı növbəti onlayn müzakirə

Mayın 17-də NDU Elmi Kitabxanasının təşkilatçılığı ilə növbəti onlayn müzakirə keçirilmişdir. Budəfəki tədbirdə tanınmış Azərbaycan yazıçısı İsmayıl Şıxlının “Dəli Kür” romanı və həmin əsər əsasında çəkilmiş “Dəli Kür” filmi müzakirə olunmuşdur. Kitabxana əməkdaşları və tələbələrin iştirakı ilə keçirilən müzakirədə yazıçının həyat və yaradıcılığına aydınlıq gətirilmişdir. Tələbələrdən Bəyim Məhərrəmli, Səmra Cəfərli, Məcid Hacıyev, Aytəkin Abbaslı yazıçının həyatı, ədəbi yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında danışmışlar. Natiqlər İsmayıl Şıxlını ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist kimi qələmini sınadığını bildirmişlər. Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olan yazıçı ali təhsil aldıqdan sonra Azərbaycan Pedaqoji İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. İlk mətbuat əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Yazıçı bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. İsmayıl Şıxlının əsərləri sırasında “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını nümunə göstərmək olar. Bu əsərlər sırasında müəllifin “Dəli Kür”romanının xüsusi rolunu qeyd etmək lazımdır. Bu əsər böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlının geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsərdir. Romanın yazılma tarixi kimi müəllif 1957-1967-ci illəri göstərir.Görkəmli yazıçı İsmayıl Şıxlının oxucular arasında geniş şöhrət qazanmış “Dəli Kür” romanı XIX əsrdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının həyatına daxil olma prosesini, adamların yaşayışında, mənəviyyatında əmələ gətirdiyi köklü dəyişiklikləri realist inandırıcılıqlagöstərən bir əsərdir. Xalqımızın milli oyanış dovrü Göytəpə kəndindəbaş verən mürəkkəb və ziddiyyətli hadisələr fonunda qələmə alınmışdır, Əsər qollu-budaqlı qəhrəmanlarına, ehtiramlar toqquşması və bədii boyaların zənginliyinə görə haqlı olaraq milli tarixi roman janrının kamil nümunələrindən sayılır. Sovet dövrü Azərbaycan ədəbiyyatında həqiqi milli xarakterin, realist zadəgan-kübar (mülkədar) obrazının ilk dolğun, tutumlu örnəyi məhz “Dəli Kür” romanının qəhrəmanı Cahandar ağadır. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətlə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir, kiçik oğlu Əşrəf isə atasının etirazlarına baxmayaraq, Qori Müəllimlər Seminariyasına oxumaq üçün gizlincə yola düşür. Hadisələrlə yaxından tanış olduqda ziddiyyətlərin daha da artdığının şahidi oluruq. Bu roman əsasında çəkilmiş eyniadlı “Dəli Kür” filmi də əsərin özü qədər maraq doğurur. Tələbələr izlədikləri bu film haqqında təəssüratlarını bölüşmüş, faktları səsləndirmişlər. “Dəli Kür” filmi 1969-cu ildə Hüseyn Seyidzadənin rejissorluğu ilə çəkilmişdir. Kinoromanda keçən əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən, qabaqcıl ziyalıların Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən və insanlarda azadlıq şüurunun formalaşmasından söhbət gedir.Rejissor milli bayramımız olan Novruzun bütün gözəlliklərini filmdə təsvir edə bilmişdi. Filmin bəstəkarı Cahangir Cahangirovdur. Budəfəki müzakirə də Universit müəllimləri,kitabxana əməkdaşları və tələbələrin fəallığı ilə diqqəti çəkirdi. Tədbiri hazırladı Elmi kitabxananın baş kitabxanaçısı: Çinarə İsmayılova

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)