Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Kitablardan pıçıltılar” adlı növbəti onlayn müzakirə

Aprelin 30-da NDU Elmi Kitabxanasının “Kitablardan pıçıltılar” adlı onlayn kitab müzakirəsi keçirilmişdir. Kitabxana direktoru və əməkdaşının iştirakı ilə keçirilən növbəti müzakirədə də universitet tələbələri fəallıqları ilə diqqəti cəlb edirdi. Budəfəki tədbirdə tanınmış amerikalı yazıçı Cek Londonun “Həyat eşqi” hekayəsi və milli kinomuzun dəyərli incilərindən sayılan “Bəxt üzüyü” filmi müzakirə olunmuşdur. Qeyd edək ki, Cek Londonun adıçəkilən əsəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 28 avqust 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilmişdir. Tədbiri giriş sözü ilə kitabxana direktoru Fariz Əhmədov açmışdır. O, keşməkeşli həyat keçirən C.Londonun əsərlərini təhlil edərkən yazıçının yaşadıqlarının onun əsərlərinə də təsirsiz ötüşmədiyindən bəhs etmişdir. Natiq çıxışında müəllifin “Həyat eşqi” hekayəsində təbliğ olunan bəşəri ideyalara diqqət çəkərək əsərin fəlsəfi dəyərini yüksək qiymətləndirmişdir. Daha sonra müzakirədə tələbələr yazıçının həyat və yaradıcılığı haqqında öz fikir və düşüncələrini bölüşmüşlər. Tələbələrdən Könül Seyidova yazıçının həyatı haqqında iştirakçılara geniş məlumat vermişdir. Məlum olmuşdur ki, maraqlı hekayə və romanların müəllifi kimi tanınan yazıçı Cek London 1876-cı ildə ABŞ-da doğulmuşdur. Kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olan yazıçıda onun işi ilə əlaqədar çıxdığı dəniz səyahətləri böyük təəssürat yaratmışdır. Belə ki, yazıçının ilk əsəri də məhz bu təəssüratdan yaranan “Yaponiya sahillərində tayfun” adlı oçerki idi. İlk qələm təcrübəsi böyük marağa səbəb olan yazıçı bundan sonra ard-arda daha da dəyərli əsərlərə imza atmışdır. Belə ki, müəllifin “Martin İden”, “Qarlar qızı”, “Dəniz canavarı” romanları, eyni zamanda, “Həyat eşqi”, “Toqal”, “Bəyaz sükunət” kimi hekayələri bu gün də oxucular tərəfindən yüksək qiymətləndirilir. Tələbələrdən Nərmin Maxsudova, Zübeydə, Lalə Abbaslı, Sima Bayramova C.Londonun “Həyat eşqi” hekayəsi haqqında təəssüratlarını danışmışlar. Bu hekayə müəllifin bugünədək müxtəlif dünya dillərinə tərcümə olunaraq dəfələrlə nəşr olunmuş əsərlərindəndir. Cek Londonun ən məşhur hekayələrindən biri olan “Həyat eşqi” insan ilə təbiətin qarşıdurmasından söz açır. Yazıçı hekayənin qəhrəmanının Alyaskanın ərazisindən keçib hündür və gövdəli ağacların bitdiyi və yeməyin bol olduğu Hudzon körfəzinə gedən yolunu təsvir edib. Amma bu yerlərə çatmaq yolçu üçün o qədər də asan deyildi. Belə ki, onu qarşıda çətin, məşəqqətli bir yol gözləyirdi. Oxucuya elə gəlir ki, bu insan ölümə məhkumdur. Amma insan ölümə tabe olmur və salamat qalır. Və nəticədə təbiətlə savaşda insan qalib gəlir. Tədbirdə, eyni zamanda, milli kino tariximizdə özünəməxsus yeri olan “Bəxt üzüyü” filmi müzakirə olunmuşdur. Tanınmış dramaturq Vaqif Səmədoğlunun eyniadlı pyesinin motivləri əsasında çəkilmiş bu film insanların bir-birinə olan münasibətindən bəhs edir. Tammetrajlı bədii film 1991-ci ildə rejissor Ramiz Əzizbəyli tərəfindən ekranlaşdırılıb. Filmin əsas qayəsi budur: “İnsanlar, bir-birinizə diqqətlə yanaşın, bir-birinizə laqeyd münasibət göstərməyin”. Filmdə Afaq Bəşirqızı, Rəfael Dadaşov, Arif Quliyev kimi sevilən sənətkarlar rol almışdır. Müzakirələr zamanı tələbələr izlədikləri “Bəxt üzüyü” filmi haqqında təəssüratlarını bildirmiş,filmin maraqlı, yaddaqalan məqam və epizodlarını xatırlamışlar. Xəbəri hazırladı: Elmi Kitabxananın Baş kitabxanaçısı Çinarə İsmayılova

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)