Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Kitablardan pıçıltılar” adlı növbəti onlayn müzakirə

Aprelin 26-da NDU Elmi Kitabxanasının “Kitablardan pıçıltılar” adlı onlayn kitab müzakirəsi keçirilmişdir. Növbəti tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevdə iştirak etmişdir. NDU-da dərslərin LMS sisteminə yerləşdirilməsi ilə bağlı işlərin yekunlaşdığını qeyd edən rektor, artıq fakültə tyütorları tərəfindən tələbələrə verilən Id və şifrə ilə öz şəxsi kabinetlərinə daxil olaraq müəllimlər tərəfindən verilən tapşırıqları görə biləcəklərini vurğulayıb. Tibb fakültəsinin tələbəsi Çiçək İskəndərova, Memarlıq və mühəndislik fakültəsinin tələbəsi Hüseyn Rəhimov, Fizika-riyaziyyat fakültəsinin tələbəsi Elnar Rzayev, İqtisadiyyat fakültəsinin tələbəsi Aytəkin Abbaslı, Tarix-filologiya fakültəsinin tələbəsi Nərmin Maxsudova, və başqaları artıq öz şəxsi kabinetlərinə daxil olaraq müəllimlər tərəfindən verilən tapşırıqlara hazırlaşdıqlarını bildiriblər. Rektor artıq ənənə halını almış onlayn müzakirələri yüksək qiymətləndirmiş, tədbir təşkilatçılarına minnətdarlığını bildirmişdir. O, vurğulamışdır ki, NDU Elmi Kitabxanası zəngin ənənələrə malikdir. Oxuculara hərzaman yüksək səviyyədə xidmət göstərən bu kitabxana indiki real vəziyyətlə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçmiş və günün 24 saatı onlayn şəkildə oxuculara xidmət göstərməkdədir. Tədbir iştirakçılarına uğurlar arzu edən Elbrus İsayev onlayn müzakirəni açıq elan etmişdir. Kitabxana direktoru və əməkdaşının iştirakı ilə keçirilən növbəti müzakirədə də universitet tələbələri fəallıqları ilə diqqəti cəlb edirdi. Budəfəki tədbirdə Azərbaycan şairi, tanınmış qəzəlxanı Əliağa Vahidin həyat və yaradıcılığı müzakirə olunmuşdur. Kitabxana direktoru Fariz Əhmədov “Vahid” təxəllüsü ilə məşhurlaşan qəzəlxanın yaradıcılığını yüksək qiymətləndirmişdir. O, vurğulamışdır ki, şair eyni zamanda, tərcüməçi kimi də şöhrət qazanmışdır. Daha sonra müzakirədə tələbələr şairin həyat və yaradıcılığı haqqında öz fikir və düşüncələrini bölüşmüşlər. Tələbələrdən Bəyim Məhərrəmli şairin həyatından bəhs edərək qeyd etmişdir ki, Əliağa Vahid - Əliağa Məmmədqulu oğlu İsgəndərov 17 fevral 1895-ci ildə Bakı şəhərində doğulmuşdur. Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi, Azərbaycanın ilk Dövlət Mükafatı laureatı Ə.Vahid ilk təhsilini mollaxanada almağa başlamışdır. Daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və digər şairlərin təsiri ilə lirik şerlər yazmışdır. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunmuşdur. Tədbirdə daha sonra Tural Bağırov şairin yaradıcılığından bəhs etmişdir. O, vurğulamışdır ki, Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Şair “Döyüş qəzəlləri” (1943), “Qəzəllər” (1944) kitablarında Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi. Şairin oğlu Ramizin atası ilə bağlı xatirələrindən Ülvi İsmayılov bəhs etmişdir. Xatirələrdən aydın olur ki, Əliağa Vahid dövrünün tanınmış şair və aktyorları ilə dostluq edirmiş. Vahid öz hazırcavablığı ilə elə seçilir ki, şair Əbdül Xaliq gənc Əliağaya “sən təbinlə Vahidsən” deyib Vahid ləqəbini ona verir. Daha sonra tələbələr Əliağa Vahidin yaradıcılığına müraciət etmişlər. Belə ki, Elnar Rzayev şairin “Yalvarma”, Hüseyn Rəhimov "Məktəb", Aminə Hüseynova "Nə deyimm", Çiçək İsgəndərova "Durar", Elazər Yəhyalı "Eləyim", Leyla Məmmədli “Gözəldir”, Pərvin Məmmədov “Tələsmə”, Bəyim Məhərrəmlinin “Bilməm” qəzəllərini səsləndirmişlər. Tədbirdə, eyni zamanda, Əliağa Vahidə həsr olunmuş “Qəzəlxan” filmi də müzakirə olunmuşdur. Əliağa Vahidin həyat və yaradıcılığından bəhs edən bu Azərbaycan filminin quruluşçu rejissoru Şahmar Ələkbərovdur. Vahid bir süjet xəttinin olmamasına baxmayaraq şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Müəlliflər Vahidi əhatə edən adamların da adlarını dəqiq göstərmirlər. Onlar ustad şairin çətin keçən həyat yolunun ayrı-ayrı məqamlarını lentə almaqla onun ümumiləşdirilmiş bədii obrazını yaratmağa çalışmışlar. Tələbələr izlədikləri “Qəzəlxan” filmi haqqında təəssüratlarını bildirmiş,filmin maraqlı, yaddaqalan məqam və epizodlarını xatırlamışlar. Xəbəri hazırladı: Elmi Kitabxananın Baş kitabxanaçısı Çinarə İsmayılova

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)