Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Kitablardan pıçıltılar” adlı növbəti onlayn müzakirə

Aprelin 19-da NDU Elmi Kitabxanasının artıq ənənə halını almış “Kitablardan pıçıltılar” adlı onlayn kitab müzakirəsi keçirilmişdir. Kitabxana direktoru və əməkdaşlarının iştirakı ilə keçirilən növbəti müzakirədə də universitet tələbələri fəallıqları ilə diqqəti cəlb edirdi. Budəfəki tədbirdə Azərbaycanın repressiya qurbanı olmuş nakam şairi Mikayıl Müşfiqin həyat və yaradıcılığı müzakirə olunmuşdur. Müzakirəni açıq elan edən kitabxana direktoru Fariz Əhmədov Azərbaycanın şair, tərcüməçi və pedaqoqu kimi tanınan Mikayıl Müşfiqin yaradıcılığını yüksək qiymətləndirmiş, Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən Dostdan, aşinadan necə əl çəkim? deyən şairin yaşamaq həvəsindən, yarım qalan sevgisindən və nakam ömründən geniş söhbət açmışdır. Daha sonra müzakirədə tələbələr şairin həyat və yaradıcılığı haqqında öz fikir və düşüncələrini bölüşmüşlər. Tələbələrdən Könül Seyidova Müşfiqin həyatı haqqında dinləyicilərə məlumat vermişdir. Məlum olmuşdur ki, görkəmli şair Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır. Uşaq ikən valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyür. Ağır və fərəhsiz uşaqlıq illəri keçirən şair həyatının o illərini xatırlayaraq yazırdı: “Hələ atamın sağlığında güzaranımız ağır keçdiyi halda, lap uşaqkən anam və atam vəfat etdi. Mən bir yetim halında daşkəsən əmim və bibimin yanında qaldım. Ac, yalavac, çılpaq bir uşaqlıq keçirdim”. O illərin ağrı-acısını, anasızlığını şair “Ana” şeirində ürək yanğısı ilə qələmə almışdır: Ana dеdim, ürəyimə yanar odlar saçıldı, Ana dеdim, bir ürpəriş hasil oldu canımda, Ana dеdim, qarşımda bir gözəl səhnə açıldı, Ana dеdim, fəqət onu görməz oldum yanımda. Müşfiqin böyüyüb boya-başa çatmasında, şair kimi yetişməsində nənəsi Qızqayıt xanımın böyük zəhməti olmuşdur. Nənəsinin söylədiyi nağıllar, atalar sözləri, bayatılar gələcək şairin zəngin xalq yaradıcılığı ilə tanış olmasında mühüm rol oynamışdır. Azərbaycan Dövlət Darülfünunun (indiki Bakı Dövlət Universiteti) dil və ədəbiyyat fakültəsi məzunu olan Müşfiq daha sonralar Bakı məktəblərində müəllimlik etmişdir. Şair pedaqoq kimi də dərin rəğbət qazanmışdır. Lakin təəssüflər olsun ki, 1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçməmişdir. Sevgi və gözəllik aşiqi olan şairin yaradıcılığı haqqında tələbə Nərmin Maxsudova bəhs etmişdir. O, vurğulamışdır ki, “Sevgim mübarizə, sevgilim həyat” amalı ilə yaşayan şair qısa ömür sürməyinə baxmayaraq, zəngin ədəbi irsə malik olmuşdur. Belə ki, Müşfiq çox gənc yaşlarından yaradıcılıq aləminə gəlmiş, həyatını, taleyini şeirlə bağlamış və ömrünün sonuna kimi ondan ayrılmamışdır. O, poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bu gün” şeiri ilə başlamış və sonrakı illərdə dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1930-cu ildə şairin əlli üç şeiri və iki tərcüməsinin toplandığı “Küləklər" adlı ilk kitabı işıq üzü görmüşdür. Şairin daha sonra “Günün səsləri”, “Vuruşmalar”, “Pambıq”, “Buruqlar arasında” kitabları, “Şeirlər”, “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz”, “Azadlıq dastanı”, “Buruq adamı” əsərləri nəşr edilmişdir. Mikayıl Müşfiq yaradıcılığında bədii tərcümə fəaliyyəti ilə də məşğul olmuşdur. Mikayıl Müşfiqin nəğməkar şair kimi tanınır. Belə ki, onun “Oxu, tar, oxu tar, “Qal, sənə qurban”, “Maralım”, “Ana”, “Sənin gülüşlərin”, “Küləklər”, “Yenə o bağ olaydı” və digər şeirlərinə bəstələnən mahnılar dinləyicilər tərəfindən yüksək qiymətləndirilir. Tələbələrdən Xanım Heydərova, Aytəkin Abbaslı şairin həyatı ilə bağlı xatirələrdən danışmışTural Bağırov isə şairin “Oxu, tar” şeirini qiraət etmişdir. Tədbirdə, eyni zamanda, tanınmış dramaturq Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf edilmiş “Qəm pəncərəsi” filmi də müzakirə olunmuşdur. Film yazıçı Anarın Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” və “Danabaş kəndinin müəllimi” əsərləri əsasında yazdığı ssenariyə uyğun olaraq çəkilmişdir. Filmin rejissoru da Anardır. Filmdə tanınmış aktyor, aktrisalar rol almışdır. Tələbələr izlədikləri “Qəm pəncərəsi” filmi haqqında təəssüratlarını ifadə etmiş, filmin maraqlı, yaddaqalan məqam və epizodlarını xatırlamışlar. Son olaraq, qeyd etmək olar ki, onlayn şəkildə keçirilən bu müzakirələr tələbələrin məmnunluq hissləri ilə yadda qalır. Bunu onların iştirak etdikləri sosial şəbəkələrdən də aydın görmək mümkündür. Xəbəri hazırladı: Elmi Kitabxananın Baş kitabxanaçısı Çinarə İsmayılova

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)