Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Kitablardan pıçıltılar” adlı növbəti onlayn müzakirə

Aprelin 16-da NDU Elmi Kitabxanasının artıq ənənə halını almış “Kitablardan pıçıltılar” adlı onlayn kitab müzakirəsi keçirilmişdir. Kitabxana direktoru və əməkdaşlarının iştirakı ilə keçirilən növbəti müzakirədə də universitet tələbələri fəallıqları ilə diqqəti cəlb edirdi. Budəfəki müzakirədə tanınmış amerikalı yazıçı, Nobel mükafatı laureatı Ernest Heminqueyin “Qoca və dəniz” əsəri müzakirə olunmuşdur. Qeyd edək ki, müəllifin məhz adıçəkilən əsəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 28 avqust 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilmişdir. Müzakirəni açıq elan edən kitabxana direktoru Fariz Əhmədov yazıçı, şair, jurnalist, ssenarist kimi qələmini sınamış Ernest Heminqueyin həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat vermişdir. Daha sonra müzakirədə tələbələr müəllif və müzakirə edilən əsər haqqında öz fikir və düşüncələrini bölüşmüşlər. Qeyd olunmuşdur ki, E.Heminqueyə görə əsərdə hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən altındadır. Bu yanaşmanı müəllifin “Qoca və dəniz” əsərində də görmək mümkündür. Vurğulamaq lazımdır ki, görkəmli yazıçı Nobel mükafatına məhz adıçəkilən əsərinə görə layiq görülmüşdür. Povest janrında qələmə alınan bu əsər müəllifin digər əsərləri kimi canlı, səmimi olması ilə yadda qalır. Tədbirdə tələbələrdən Kübra Əliyeva, Nərmin Maxsudova, Könül Seyidova, Aytəkin Abbaslı, Şəhla İsmayılova və Zübeydə Zeynalova əsər ilə bağlı müxtəlif məqamlara toxunmuşlar. Qısa və dolğun yazı üslubu ilə XX əsr Amerika və Britaniya ədəbiyyatına ciddi təsir göstərmiş müəllifin mükafata layiq görülmüş “Qoca və dəniz” povestinin növbəti müzakirəsi də yaddaqalan və maraqlı olmuşdur. Müzakirə iştirakçıları, eyni zamanda, izlədikləri “O olmasın, bu olsun” və “Arşın mal alan” bədii filmlərini də müzakirə etmişlər. "Arşın mal alan" ekrana çıxdığı elə ilk ildən dünya şöhrəti qazandı. Film 86 dilə, operettanın özü isə 80 dilə tərcümə edildi. Film, 140-a yaxın ölkədə yayımlandı. “O olmasın, bu olsun” filmində 1910-cu ildə Bakıda cərəyan edən hadisələr əks olunub. İki gəncin — Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Filmin qonaqlıq səhnəsində xanəndə Xan Şuşinski "Kürd-Şahnaz" muğamını ifa edir. Müzakirədə vurğulanmışdır ki, bu musiqili filmlər Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı operettaları əsasında ekranlaşdırılmışdır. Film tariximizin qiymətli incilərindən olan bu əsərlərdən maraqlı, yaddaqalan məqamlar, epizodlar xatırlanmışdır. Son olaraq, qeyd etmək olar ki, onlayn şəkildə keçirilən bu müzakirələr tələbələrin məmnunluq hissləri ilə yadda qalır. Bunu onların iştirak etdikləri sosial şəbəkələrdən də aydın görmək mümkündür. Xəbəri hazırladı: Elmi Kitabxananın Baş kitabxanaçısı Çinarə İsmayılova

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)