Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı və perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov turizmin inkişafından, bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən biridir və bu sahənin inkişafı XX əsrin ikinci yarısından başlayaraq geniş vüsət alıb. Müstəqilliyini bərpa etdikdən sonra yeni inkişaf yoluna qədəm qoyan Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirib, ölkəmizdə turizm münasibətlərinin inkişafı istiqamətində də təqdirəlayiq işlər görülüb. Vurğulanıb ki, Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının tarixi-mədəniyyət abidələrinin, gəzməli-görməli yerlərinin reklam-təbliğat yolu ilə xarici turistlərə tanıdılması xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə Turizm ixtisası üzrə təhsil alan tələbələrin üzərinə mühüm vəzifələr düşür. Sonra Bələdiyyə və turizm kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Günay Vəliyevanın videoslaydla mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzəçi turist və turizm anlayışları haqqında qısa məlumat verib, Naxçıvan Muxtar Respublikasının turizm potensialından danışıb. Məruzədə Azərbaycanın ən qədim yurd yerlərindən biri, bəşər sivilizasiyasının ilkin məskənlərindən sayılan Naxçıvanın böyük turizm potensialına malik olduğu vurğulanıb. Bildirilib ki, Naxçıvanın coğrafi mövqeyi, özünəməxsus təbiəti, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün son dərəcə əlverişli imkan yaradır. Burada qədim dövrlərin yadigarı olan tarixi abidələr, qədim tikililər, qalalar, yaşayış yerləri və nekropollar, həmçinin 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu Naxçıvan torpağının analoqu olmayan turizm potensialıdır. Bələdiyyə və turizm kafedrasının müdiri, dosent Hafiz Hüseynov mövzu ilə bağlı fikirlərini bölüşüb. Dəyirmi masa tələbə və müəllimlərin mövzu ətrafındakı müzakirələri ilə davam etdirilib Tələbələr arasında bu mövzu haqqında sorğu suallar keçirilib.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.