Azərbaycan xalqına qarşı misli görünməmiş bu soyqırımı, kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayət idi. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə "Xocalı qətliamı", "Xocalı soyqırımı" kimi anılır. NDU-nun Elmi Kitabxanasında “Xocalı soyqırımını unutma” adlı sərgi təşkil olunmuşdur. Sərgidə “Xocalı soyqırımı”, Yaqub Mahmudov, Kərim Şükürovun “Qarabağ”, Cəlal Əilyev, Budaq Budaqovun “Tarixi həqiqətin soyqırımı”, Hüseyn Həsənoğlu “Dünyanın mənfur milləti:erməni”, Cahid Kərimov “Qansızlar”, Emin Arifoğlu Şihaliyev “Ermeni sorunu”, “Ermenilerin yaptıkları katliamlar”, Ali Güler “Sorun olan ermeniler” və s. kitablar nümayiş etdirilir. Sərgi ayın sonuna qədər davam edəcək.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.