Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin növbəti məşğələsi keçirilmişdir. “Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda keçirilən 182-ci məşğələni giriş sözü ilə açan universitetin rektoru, Əməkdar elm xadimi, professor Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə universitetdə keçirilən silsilə tədbirlərdən, ümummilli lider, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasi irsinin öyrənilməsi və təbliği istiqamətində qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvandakı sosial-iqtisadi tərəqqi, elm, təhsil və səhiyyənin inkişafı, əhalinin rifah halının yüksəlməsi bir daha təsdiqləyir ki, Heydər Əliyev ideyaları ölkə başçısı və muxtar respublika rəhbəri tərəfindən uğurla davam etdirilir. Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Zəhmət Şahverdiyev mövzu ilə bağlı ətraflı məruzə edərək XX əsrin 20-ci illərində Azərbaycan bolşevikləşdirilkdən sonra ölkədə yaranan ictimai-siyasi şəraitdən, Naxçıvana muxtariyyət statusu verilməsinin zəruri siyasi amillərindən bəhs etmişdir. Çox qədim tarixə, mühüm coğrafi, siyasi strateji əhəmiyyətə malik Naxçıvana qarşı mənfur ermənilərin əsassız iddialarının qarşısının alınmasında, bölgənin ərazi toxunulmazlığında 1921-ci ildə imzalanan Beynəlxalq Moskva və Qars müqavilələri mühüm əhəmiyyət kəsb edir. Məruzədə 1992-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən bu müqavilələrin beynəlxalq səviyyədə yenidən siyasi gündəmə gətirilməsinin zəruriliyindən də bəhs olunmuşdur. Tarixçi alim ümummilli liderin Naxçıvandakı siyası fəaliyyətindən danışaraq dahi öndərin Naxçıvanın ərazi bütövlüyünün və muxtariyytının qorunmasında, burada geniş vüsət alan milli azadlıq hərakatının idarə olunmasında, milli dövlət strukturlarının yaradılmasında əvəzsiz xidmətləri olduğunu bildirmişdir. Bu dövrdə Heydər Əliyev nəinki Naxçıvanın toxunulmazlığı, bütövlükdə Azərbaycanın tərəqqisi, müstəqil və demokratik dövlət quruculuğu, beynəlxalq diplomatik münasibətlərin tənzimlənməsi kimi taleyüklü məsələlərlə bağlı mühüm siyasi qərarlar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2014-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, keçirilən tədbirlər bir daha sübut edir ki, Azərbaycan xalqının böyük oğlu, nəhəng siyasi xadim Heydər Əliyevin rəhbərliyi sayəsində Naxçıvan Muxtar Respublikası Azərbaycanın dövlət müstəqilliyinın əldə olunmasında və qorunmasında əhəmiyyətli siyasi-tarixi rol oynamışdır.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.