Tədbirdə Yaxın və Orta Şərqin tanınmış kolleksionerlərindən, əntiq əşyalar və Şərq xalçaları üzrə mütəxəssis, iordaniyalı tədqiqatçı Məhəmməd Əl-Bağdadi, universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov, müəllim və tələbə heyəti iştirak ediblər.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov giriş sözü ilə çıxış edərək Naxçıvan Dövlət Universiteti ilə İordaniya arasında qurulan əlaqələrdən bəhs edib. Universitetin rektoru Elbrus İsayevin rəhbərliyi ilə İordaniya Haşimilər Krallığına edilən səfəri xatırladaraq, NDU və Al-əl Beyt Universiteti arasında imzalanmış Əməkdaşlıq Memorandumunun əhəmiyyətini vurğulayıb. Bu əməkdaşlıq çərçivəsində müəllim və tələbə mübadiləsi, ortaq tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də iordaniyalı professorların tədris prosesinə cəlb olunması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Prorektor əlavə edib ki, universitetdə tanınmış şəxsiyyətlərlə davamlı olaraq keçirilən belə görüşlər tələbələrin dünyagörüşünün və ixtisas biliklərinin inkişafına mühüm töhfədir.
Sonra tədqiqatçı və kolleksioner Məhəmməd Əl-Bağdadi “Qərbi Azərbaycan mədəni irsinin izi ilə” mövzusunda təqdimatla çıxış edib. Qonaq qədim xalçalar, əntiq əşyalar, metal sənətkarlığı nümunələri və toxuculuq məmulatları haqqında danışaraq, Qərbi Azərbaycanın zəngin maddi və mənəvi irsindən söz açıb. Qeyd edib ki, bu irs həm arxeoloji abidələrdə, həm də nəsildən-nəslə ötürülən ənənələrdə öz əksini tapır. Məhəmməd Əl-Bağdadi qədim sikkə və medalların fotoları vasitəsilə bölgənin tarixi kimliyinə dair maraqlı faktları da auditoriya ilə bölüşüb. Xüsusilə 1828-ci ildə İrəvan şəhəri və onun fonunda Ağrı dağı təsvir olunan qızıl medalı qeyd edib. Bildirib ki, medalda şəhərin çoxsaylı günbəz və minarələri əks olunsa da, heç bir kilsə və xaç simvolu yoxdur. Bu isə həmin dövrdə İrəvanın müsəlman kimliyinə aid tarixi sübut kimi dəyərləndirilir.
Görüş İordaniyadan dəvət olunan əcnəbi müəllim və tədbir iştirakçılarının Qərbi Azərbaycan mədəni irsinə dair fikir mübadiləsi, eləcə də sualların cavablandırılması ilə yekunlaşıb.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.