• NDU-da "Milli musiqimizin Üzeyir Hacıbəyli dühası" mövzusunda dəyirmi masa keçirilib
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında universitetin nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin müəllim və tələbələrinin iştirakı ilə dəyirmi masa təşkil edilib. Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova görkəmli bəstəkarın əsərlərinin kitabxana fondunda geniş yer aldığını vurğulayaraq, onların musiqi irsinin tədqiqi baxımından əhəmiyyətindən danışıb.
Musiqi Kollecinin direktoru, Əməkdar müəllim Məhəbbət Babayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ildə Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamı diqqətə çatdırıb. O, dahi bəstəkarın yaşadığı dövrün ictimai-siyasi mühitindən söz açaraq, onun musiqisinin milli-mənəvi dəyərlərimizin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Azərbaycan musiqi sənətinin banisinin elm və bədii yaradıcılığına toxunan Naxçıvan Dövlət Universitetinin dosenti Əli Həşimli, Üzeyir Hacıbəylinin yaratdığı musiqi məktəbinin bu gün də öz aktuallığını qoruduğunu bildirib.
Əməkdar müəllim Samirə Hüseynova bəstəkara həsr etdiyi şeirlə çıxış edərək, onun sənət yolunun Azərbaycan musiqisinin inkişafına verdiyi töhfələrlə zəngin olduğunu vurğulayıb.
Müzakirələrlə davam edən tədbirdə tələbələr Üzeyir Hacıbəylinin əsərlərini səsləndirib, sonda "Üzeyir Hacıbəyov - 140" adlı sərgiyə baxış olub.