Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Azərbaycan memarlığında konstruksiyalı hesablamaya dair ilk kitabın təqdimatı olub

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Meliorasiya və geodeziya mühəndisliyi” kafedrasının dosenti , memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyev, “Meliorasiya və geodeziya mühəndisliyi” kafedrasının müəllimləri Baxşəli Mazanov və Heydər Əsədovun həmmüəllif olduğu “Orta əsr Naxçıvan türbələrinin memarlıq xüsusiyyətləri və konstruksiyalarının hesablanması” adlı monoqrafiyanın təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2021-ci il üçün nəşr planına əsasən çap olunan monoqrafiyanı sanballı nəşr və tədqiqat əsəri kimi qiymətləndirib. Bildirilib ki, orta əsrlər dövründə Naxçıvanın bütün Azərbaycanın mərkəzi olması məhz elə bu dövrdə memarlıq nümunələrinin də yaranmasına gətirib çıxarıb. Belə ki, Atabəylər dövründə Naxçıvanda Əcəmi Naxçıvaninin yaratdığı memarlıq əsərləri, xüsusilə Möminə Xatın türbəsinin memarlıq quruluşu Orta əsr müsəlman Şərq memarlıq formalarının zirvəsinə çevrilib. Rektor universitet Elmi Şurasının qərarı ilə çap olunan dərs vəsaitinin müəllim və tələbələr həmçinin, bu sahədə çalışan tədqiqatçılar üçün də əhəmiyyətli olacağını qeyd edib. “Memarlıq” kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova elmə bəlli olan ilk memarlıq nəzəriyyəsinin banisinin Vitruvi olduğunu diqqətə çatdırıb. Naxçıvan Müəllimlər İnstitutu Təsviri incəsənət kafedrasının dosenti, sənətşünas Nizami Alıyev qeyd edib ki, monoqrafiya “Səlcuqlar dövrü Naxçıvan memarlıq abidələrinin memarlıq formalarının özəllikləri” və “Orta əsr Naxçıvan memarlıq abidələrində günbəz və çatma tağ konstruksiyalarının hesablanması “ adlı iki fəsildən ibarətdir. Sənətşünas alim bildirib ki, orta əsr müsəlman intibahı dövründə yaradılan Naxçıvan-Marağa memarlıq formalarının tədqiqinə həsr edilən monoqrafiyada Naxçıvan-Marağa memarlıq məktəbindən, Naxçıvanda Gilan, Duzal, Nuh, Gülüstan, Qarabağlar türbələri, onların fəza quruluşu, türbələrin naxış kompozisiyasından bəhs edilib. Monoqrafiyanın II fəslində isə Möminə Xatın və Yusif-Küseyir oğlu türbələrinin konstruksiyaların hesablanması qaydaları verilib. Monoqrafiyada Azərbaycan, Türk, Rus, İngilis və Fars dili olmaqla ümumilikdə 39 ədəbiyyatdan istifadə edilib. “Memarlıq” kafedrasının baş müəllimi Məmməd Rəcəbov bildirib ki, müəlliflər həmçinin, Möminə Xatın türbəsi medalyonlarını tədqiq edib, onun həndəsi formasını qrafiki analiz ediblər. Müəlliflərdən memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyev çıxış edərək qeyd edib ki, muxtar respublikada tarixi abidələr xüsusi həssaslıqla qorunur və bərpa olunur. Biz elm adamlarının da borcu yazdığımız tədqiqat əsərləri ilə əsrlərin ünvanı olan bu abidələrimizi tədqiq edib ictimaiyyətə çatdırmaqdır. Qadir Əliyev ziyalılara, elmi mühitə göstərilən dövlət dəstəyinə görə öz minnətdarlığını ifadə edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)