Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Xocalı soyqırımından-30 il ötür.

21 fevral 2022-ci il tarixində Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Xocalı soyqırımı-30” adlı sərgi təşkil edilmişdir. Sərgidə Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Azərbaycan və xarici dillərdə 70 kitab nümayiş edilmişdir."XX əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımından 30 il ötür.Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasəti nəticəsində yüz minlərlə dinc insan kütləvi surətdə qətlə yetirilmiş, öz torpaqlarından didərgin salınmışdır.Cəzasızlıq mühitindən daha da azğınlaşan erməni silahlı birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrində törətmiş olduğu qətliamlardan ən dəhşətlisi Xocalı şəhərində baş vermişdir.1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, onların havadarlıq etdiyi erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktı törədilmişdir.Soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 nəfər xüsusi qəddarlıqla öldürülüb, 1275 nəfər girov götürülərək, işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Ölkəmizə qarşı yönəlmiş hərbi təcavüzün qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş torpaqlarımız qısa müddət ərzində azad edilmiş, soydaşlarımızın pozulmuş hüquqlarının bərpa edilməsi üçün əsas yaranmışdır. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermiş, 26 fevral tarixi “Xocalı Soyqırımı Günü” elan olunmuş və soyqırımı haqqında həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılmışdır. Hazırda 17 dövlətin qanunvericilik orqanı, ABŞ-nin 24 ştatı Xocalıda törədilmiş qətliamı pisləyən qətnamə və qərarlar qəbul edib. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb. Xüsusilə qeyd olunmalıdır ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başladığı münaqişədən bu günədək Xocalıda itkin düşmüş şəxslər də daxil olmaqla, əsir və girov götürülmüş, itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyindən xəbər yoxdur. Xocalı soyqırımı öz miqyasına, qəddarlığına və qeyri-insani cəza üsullarına görə XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli soyqırımı aktlarındandır.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)