Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında şair,yazıçı İlqar Rəhmi tələbələrlə onlayn görüş keçirilib

Naxçıvan Dövlət Universitetində Tələbə Həmkarlar ittifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin Elmi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı İlqar Fəhmi ilə onlayn görüş təşkil edilib. Universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında keçirilən bu cür görüşləri yüksək qiymətləndirib. Qeyd edilib ki, keçirilən ustad dərsləri, seminarlar tələbələrin dünyagörüşünün zənginləşməsində mühüm əhəmiyyətə malikdir. Öz yaradıcılığı haqda danışan İlqar Fəhmi şeirlərinin əksəriyyətinin əruz vəznində yazdığını deyib. Yazıçı gənclərə mütaliə etməyin önəmindən danışıb və tələbələrə öz tövsiyyələrini çatdırıb. Bildirilib ki, kitab oxumağı sevməklə yanaşı oxuduğu kitabı dərk etmək də vacibdir. İlqar Fəhmi onu bu həyata bağlayan ən böyük vasitənin kitablar olduğunu bildirib. Sonra Şah İsmayıl Xətayinin yaradıcılığından söz açaraq vurğulanıb ki, Xətayi söz ustadı olmaqla yanaşı sözü dərindən duyan şəxsiyyət olub. Yazıçı ll Qarabağ müharibəsi mövzusuna da toxunaraq bu müharibənin də onun yaradıcılığına böyük təsir göstərdiyini qeyd edib. İlqar Fəhmi yazıçılarla birlikdə səfər etdiyi Şuşa şəhəri ilə bağlı təəssuratlarını bölüşüb. Tədbirin sonunda tələbələrin müxtəlif səpgili sualları cavablandırılıb. Qeyd edək ki, İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992–1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olan şair uzun illər Bakı və Abşeronda əruz məclislərinin iştirakçısı olub. Müxtəlif ədəbi əsərlərdən ibarət on səkkiz kitabı dərc edilib. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına, 2007-ci ildə “Rəsul Rza” ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə “Bakı tarixindən kollaj” əsərinə görə “Humay” mükafatına layiq görülüb. Onun romanı əsasında çəkilən “Aktrisa” filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib. Əsərləri bir çox xarici ölkələrdə nəşr edilən İlqar Fəhmi uzun illər AYB-nin “Ulduz” jurnalında çalışıb. 2017-ci ildə Heydər Əliyev fondunun dəstəyi ilə Dövlət televiziyasında hazirlanan Muğam-televiziya müsabiqəsinin münsiflər heyətinin üzvü, 2019-cu ildə isə layihənin icraçı direktoru təyin edilib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)