Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Pedaqoji fikir tarixindən” kitabının müəllifi Publisist Reyhan Mirzəzadə ilə video-konfrans formatında müzakirə keçirilmişdir

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Pedaqoji fikir tarixindən” kitabının müəllifi tanınmış publisist Reyhan Mirzəzadə ilə video-konfrans materialında müzakirə keçirilmişdir. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev politoloq-publisist Reyhan Mirzəzadənin yaradıcılığının Naxçıvan ictimaiyyəti tərəfindən xüsusilə qiymətləndirildiyini vurğulamışdır. Bunun da nəticəsidir ki, müəllifin əsərləri Naxçıvanda yerləşən “Əcəmi” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüşdür. Rektor Reyhan Mirzəzadənin müzakirə olunan “Pedaqoji fikir tarixindən” kitabının tədris-tərbiyə prosesində oynadığı mühüm roldan da geniş şəkildə bəhs etmişdir. Sonra çıxış edən Elmi Kitabxananın direktoru Fariz Əhmədov publisist Reyhan Mirzəzadə yaradıcılığı haqqında iştirakçılara geniş məlumat vermişdir. Məlum olmuşdur ki, publisist pedaqogikaya dair əsərlərin müəllifi olmaqla yanaşı, rus ədəbiyyatının da tanınmış tədqiqatçılarındandır. Belə ki, Reyhan Mirzəzadənin “Zəka məşəli”, “A.S.Qriboyedov: şair-diplomat”, “Rus ədəbiyyatı qəlbimin işığında”, “Rus klassikləri haqqında”, “Salam, Sergey Yesenin!”, “Fikrin böyük sənətkarı”, “Böyük şair-vətəndaş”, “Böyük və qüdrətli rus şairi və yazıçısı İvan Andreyeviç Krılov” kitablarının da oxucular tərəfindən böyük maraqla qarşılandığı vurğulanmışdır. Daha sonra çıxış edən pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev və “Pedaqogika və psixologiya” kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Orucova “Pedaqoji fikir tarixindən” kitabının dəyəri haqqında iştirakçılara məlumat vermişlər. Çıxışlarda qeyd olunmuşdur ki, tarixin müxtəlif dövrlərində yaşayıb fəaliyyət göstərmiş böyük mütəfəkkirlər, maarifçilər, müəllimlər, şair və yazıçılar pedaqoji fikir tariximizi öz dəyərli əsərləri ilə daha da zənginləşdirmişlər. Məhz “Pedaqoji fikir tarixindən” kitabında da Azərbaycan və dünya pedaqoji fikrinin ən dəyərli nümunələri seçilərək toplu halında oxuculara çatdırılmışdır. Tədbirdə publisist Reyhan Mirzəzadə iki kitabının - “Pedaqoji fikir tarixində” və “A.S.Qriboyedov: şair-diplomat” kitablarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən təsdiqlənmiş “Oxunması zəruri olan kitablar” siyahısına salınmasını böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladığını vurğulamışdır. Daha sonra müəllif tələbələri maraqlandıran sualları cavablandırmış, eyni zamanda, oxucularını öz yaradıcılığı haqqındakı maraqlı məqamlarla tanış etmişdir. Publisist görüşün təşkilatçılarına öz minnətdarlığını bildirmişdir. Sonda universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov publisist Reyhan Mirzəzadəyə dəyərli fikirlərinə görə minnətdarlığını bildirmiş, bu müzakirəni yüksək qiymətləndirmiş, müəllifə yeni yaradıcılıq uğurları arzulamışdır.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)