Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “ Dünya Elm günü” qeyd edilib

Naxçıvan Dövlət Universitetində Elm və innovasiyalar bölməsi və Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə 10 noyabr Dünya Elm günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözüylə açan Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov qeyd edib ki, hər il noyabrın 10-da Sülh və İnkişaf Naminə Dünya Elm Günü qeyd olunur. Bu əlamətdar gün 2001-ci ildə UNESCO-nun Baş Konfransında 1999-cu ildə Budapeştdə keçirilmiş UNESCO-nun və Dünya Elmi Şurasının ortaq birliyi zamanı verilən öhdəliklər çərçivəsində təsis edilib. Vurğulanıb ki, məqsəd elmin cəmiyyətdəki rolunu və geniş ictimaiyyətin elmi məsələlərin müzakirəsində iştirakının vacibliyini, eyni zamanda, elmin gündəlik həyatda əhəmiyyətini və aktuallığını vurğulamaqdır. Tələbələri əlamətdar tarixi gün münasibətilə təbrik edən Rza Məmmədov bildirib ki, universitetdə Tələbə Elmi Cəmiyyətinin xətti ilə bir sıra tədqiqatlar həyata keçirilib, aparılan elmi işlərdə uğurlu çıxış edən müəllim və tələbələr mükafatlandırılıb. Tələbə Elmi Cəmiyyətinin Sədri Təbrizə Bağırova, universitetin “Kimya” kafedrasının müəllimi Sevinc Kərimova, universitet Elmi Kitabxanasının müdiri Fariz Əhmədov çıxışlarda qeyd ediblər ki, ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasıdır. Elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən aktual məsələlərdəndir. Tədbirdə “Beynəlxalq münasibətlər” ixtisası üzrə II kurs tələbəsi, TEC sədrinin müavini Mircəmil Yusiflinin “Coğrafiya elminin insan həyatına təsiri”, “Dünya iqtisadiyyati” ixtisası üzrə III kurs tələbəsi, TEC sədrinin müavini Firuz Məmmədlinin “İqtisadiyyat-elm sahəsi kimi”, “Biologiya” ixtisası üzrə IV kurs tələbəsi, TEC-nin Təbiətşünaslıq və Kənd təsərrüfatı fakültəsi üzrə sədri Rübabə Əliyevanın “Bilogiya elminin inkişafı”, “Riyaziyyat və İnformatika müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi, TEC-nin Fizika-Riyaziyyat fakültəsi üzrə sədri Nurgül Hüseynovanın “Riyaziyyat elminin insan həyatında rolu”, “Müalicə işi” ixtisası üzrə III kurs tələbəsi, TEC-nin Tibb fakültəsi üzrə sədri Bəyaz Bayraməliyevanın “Tibb elmlərinin inkişafı”, “Tarix müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi, TEC-nin fakültə üzrə sədri Mirsamir Seyidovun “Tarix elminin inkişafı” adlı çıxışları dinlənilib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)