Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Sosial şəbəkələr, informasiya təhlükəsizliyi və müasir durum” mövzusunda dəyirmi masa keçirilib

Naxçıvan Televiziyası ilə Naxçıvan Dövlət Universitetinin birgə hazırladığı Tədbirlər Planına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Sosial şəbəkələr, informasiya təhlükəsizliyi və müasir durum” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən universitetin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva bildirib ki, Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası da “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin hamiliyinə verilib. Gələcəyin jurnalistləri mütəmadi olaraq televiziyada, “Şərq qapısı” qəzetində və digər media mərkəzlərində olur, təcrübə toplayır, biliklərini artırırlar. Bu gün Naxçıvan mediasında 400-dən çox əməkdaş çalışır ki, onların da bir çoxu universitetin yetirməsidir. Naxçıvan Televiziyasının baş redaktorları Müzəffər Əsgərov, Fizzə Bağırova, Ruhiyyə Rəsulova, Nigar Məmmədli, Elnarə Heydərova, Nihad Bayramlı çıxışlarında diqqətə çatdırıblar ki, müasir dövrdə internet mediası və sosial şəbəkələr istənilən sahədə ictimai fikri yönləndirən əsas vasitəyə çevrilib. Sosial şəbəkələrdə yayılan məlumatlar qısa müddətdə böyük ictimai rəy formalaşdırır. Ona görə də jurnalistlər xüsusilə də gənclər sosial şəbəkələrin imkanlarından məqsədyönlü istifadə etməlidirlər. İctimaiyyətə çatdırılan hər bir informasiya dəqiq və əsaslı olmalıdır. Bildirilib ki, sosial şəbəkələrin və sosial medianın inkişafı informasiya mübadiləsində yeni imkanlarla yanaşı, informasiya təhlükəsizliyi sahəsində yeni təhdidlər də yarada bilər. Bununla belə, muxtar respublika əhalisinin, xüsusən də sosial media istifadəçiləri arasında çoxluq təşkil edən gənclərin təhsil səviyyəsinin kifayət qədər yüksək olması, dayanıqlı sosial statusları həmin şəbəkələrdən səmərəli istifadəyə şərait yaradır. Bu gün muxtar respublikanın mətbuat orqanlarının, informasiya agentliyinin saytları və sosial şəbəkə hesabları dünyanın 140 ölkəsindən izlənilir və oxunur. Bu da müstəqillik illərində əldə olunan ən böyük uğurlardan biridir. Universitetin Media Mərkəzi barədə danışan ali təhsil ocağının müəllimi, jurnalist Səməd Canbaxşiyev bildirib ki, mərkəz tələbələrin jurnalistika sahəsində təcrübə toplamalarına geniş imkanlar açır. Mərkəzin maddi texniki bazası möhkəmləndirilib, bütün lazımi avadanlıqlar, ötürücülər istifadəyə verilib. Tələbələrin iştirakı ilə burada verilişlər, xəbər, videoçarx və sənədli filmlər hazırlanaraq təqdim olunur. Diskussiya şəraitində keçən tədbirdə tələbələrin sualları cavablandırılıb, təcrübəli jurnalistlər onlara jurnalistikanın sirlərinin daha dərindən öyrənmələri və sosial şəbəkələrdən düzgün istifadə etmələri barədə tövsiyələr veriblər.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)