Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Kitabi Dədə -Qorqud” dastanının 1320 illiyi.

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında növbəti kitab müzakirəsi keçirilib. Müzakirəni giriş sözüylə açan Elmi Kitabxananın direktoru Fariz Əhmədov qeyd edib ki, “Kitabi-Dədə Qorqud” Azərbaycanın ana kitabı, ümumtürk mədəniyyət abidəsi, dünya mədəniyyət xəzinəsinin nadir incilərindəndir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir."Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir ki, dünya alimlərinin diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamına əsasən oxunması tövsiyyə edilən ən qiymətli əsərlərdəndir. Ulu öndər Heydər Əliyevin 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında imzaladığı Fərmana əsasən yubileyin yüksək səviyyədə keçirilməsi milli-mənəvi irsin qorunması, yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm hadisə kimi dəyərləndirilib. Tədbirdə Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov bildirib ki, «Kitabi-Dədə Qorqud»un bir əlyazma nüsxəsi Drezden kitabxanasındadır. Bu nüsxə haqqında ilk məlumat XIX əsrin əvvəllərində verilmişdir. Son illərdə isə Vatikanda bu əsərin ikinci bir nüsxəsi tapılmışdır. İtalyan alimi Ettope Rossi tərəfindən 1952-ci ildə nəşr edilmiş bu nüsxədə 12 boydan ibarət olan dastanın 6 boyu verilmişdir. «Kitabi-Dədə Qorqud» dilimizin, ədəbiyyatımızın, dastan yaradıcılığımızın, ümumiyyətlə mədəniyyətimizin tarixini öyrənməkdə böyük əhəmiyyətə malikdir. Müzakirədə həmçinin diqqətə çatdırılıb ki, 1999-cu ildə Naxçıvan şəhərində Dədə Qorqud parkı yaradılması, Dədə Qorqudun heykəlinin ucaldılması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 25 iyul tarixdə imzaladığı Sərəncamla “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin diyarımızda da geniş qeyd edilməsi və dastanın gəncliyə oxunması zəruri ədəbiyyat kimi tövsiyə olunması muxtar respublikada aparılan milli-mənəvi irsə verilən yüksək qiymətin təzahürüdür.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)