Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

"Nizaminin hikmət və nəsihətləri"

Sentyabrın 3-də NDU Elmi Kitabxanasının təşkilatçılığı ilə keçirilən “Kitablardan pıçıltılar” adlı növbəti onlayn tədbir “Oxunması zəruri olan kitablar” silsiləsindən “Nizami Gəncəvinin hikmət və nəsihətləri” adlı kitabının, eyni zamanda, “Nizami” filminin müzakirəsinə həsr olunmuşdur. Giriş sözü ilə çıxış edən baş kitabxanaçı Çinarə İsmayılova dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir. Çıxışdan aydın olduğu kimi, 1141-ci ildə Gəncə şəhərində dünyaya göz açan şair demək olar ki, ömrünün son günlərinədək bu şəhərdə yaşamış, 1209-cu ildə vəfat etmişdir. Şairin əsl adı İlyas, atasının adı Yusifdir. Nizami onun təxəllüsüdür. Dövrünün bir sıra elm sahələrinə dərindən bələd olan Nizami Gəncəvi, eyni zamanda, dünya mədəniyyəti ilə yaxından maraqlanmış, ərəb, fars dillərini mükəmməl bilmişdir. Şairin oxucunu həyata, insanlığa qarşı məhəbbət ruhunda tərbiyələndirən ölməz əsərləri bu gün də hər kəsi gözəllikləri, ülviyyəti dərk etməyə çağırır, ağlın, qüdrətinə, haqqın, ictimai xeyirin qələbəsinə inam hissləri oyadır. Tələbələrdən Aytəkin Abbaslı “Nizami Gəncəvinin hikmət və nəsihətləri” kitabındakı fikirləri təhlil edərək bildirmişdir ki, Nizaminin aforizmləri, onun ağıl, əxlaq və idrak haqqında dediyi sözlər, nəinki orta əsrlər intibah dövrü üçün hətta bugün üçün belə stolüstü kitabımıza çevrilərək dünyaya nur saçır. Aysel Şərifzadə Nizaminin hikmət və nəsihətlərindən səsləndirərək onları dünyamızı rəngarəng gülüstana qərq edən müdrik kəlamlar kimi qəlbimizdən süzülərək duyğularımıza hakim olduğunu və insanlığı ancaq doğruluğa, düzgünlüyə, ədalətə səslədiyini vurğulamışdır. “Nizami” filmi haqqında çıxış edən Elmar İsgəndərov filmdəki mətnaltı hadisələri iştirakçıların diqqətinə çatdırmışdır. Müzakirəyə iştirakçıların filmdən səsləndirdikləri sitatlarla yekun vurulmuşdur.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)