Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Naxçıvan ədəbi mühiti akademik İsa Həbibbəylinin tədqiqatlarında”

16 oktyabr 2019-cu ildə müasir Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin nüfuzlu simalarından biri, görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı, təcrübəli pedaqoq, fəal vətəndaş-ziyalı mövqeyi ilə seçilən ictimai xadim İsa Həbibbəylinin yetmiş illik yubileyidir. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin anadan olmasının 70 illiyi münasibətilə Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Naxçıvan ədəbi mühiti akademik İsa Həbibbəylinin tədqiqatlarında” mövzusunda tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigar “Akademik İsa Həbibbəyli və müasir Naxçıvan ədəbi mühiti”, Naxçıvan Dövlət Universitetinin dosenti İman Cəfərli “İsa Həbibbəyli yaradıcılığında Cəlilşünaslıq” , şair Həsənalı Eyvazlının “İsa Həbibbəyli və Naxçıvanda ədəbi tənqid”, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Şəhla Şirəliyevanın “İsa Həbibbəyli və Naxçıvan ədəbiyyatşünaslıq məktəbi”, “Nuh yurdu” qəzetinin redaktoru, şair Qafar Qəribin “Gənc ədəbi qüvvələrin yetişməsində İsa Həbibbəylinin rolu” mövzularında çıxışları dinlənilib. Cıxış edənlər yubilyarı təbrik edib, ona bundan sonrakı fədakar elmi-ictimai fəaliyyətində uğurlar arzulayıblar. Akademik İsa Həbibbəyli yetmiş illik ömrünün əlli ildən artıq bir dövrünü Azərbaycan ədəbi düşüncəsinin, onun ayrı-ayrı görkəmli simalarının həyat və yaradıcılığının tədqiqinə, ictimai fikir tariximizin öyrənilməsinə, milli ideologiyanın elmi əsaslarının formalaşmasına, ümumən müasir Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin inkişafına həsr etmişdir. Naxçıvan ədəbi mühitinin dünəni və bu günü barədə söhbət açan akademik İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Naxçıvanda 70 illik yubileyinin geniş şəkildə qeyd edildiyi üçün Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirib. Akademik ədəbiyyat nümayəndələrinə gələcək fəaliyyətlərinin təşkili istiqamətində dəyərli tövsiyələr verib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)