Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Heyder Əliyev-95.

Tarixdə elə insanlar var ki, onların əzəmətini heç bir sözlə ifadə etmək mümkün deyil. Heydər Əliyev də belə insanlardandır. Bu adın ucalığı bütün metaforaları kölgədə qoyur. Biz Heydər Əliyevi ulu öndər, müdrik insan, dahi şəxsiyyət adlandırırıq. Amma etiraf edək ki, bunlar onun milli təfəkkürümüzdə əbədilik qazanan statusunun yalnız müəyyən bir hissəsini ifadə edir. Heydər Əliyev Azərbaycan milli varlığının ümumi çevrəsinin ən yüksək nöqtəsini təşkil edən zirvədir.Xalqımızın ümummilli lideri, zəmanəmizin və bütün dövrlərin dahisi Heydər Əliyevin ideya və əməlləri daim bizimlə olduğundan millət atasının cismani yoxluğu ötən illərdə zərrə qədər də hiss olunmamışdır. Müdrikliyi, uzaqgörənliyi və təkrarsız fəaliyyəti ilə milli gerçəkliyimizdə əbədi yer almış ən böyük azərbaycanlı Heydər Əliyevin nurlu obrazı həmişə qəlbimizə işıq və hərarət saçır. Adı Azərbaycanın, türk dünyasının, bütövlükdə, dünya siyasətinin tarixinə qızıl hərflərlə yazılmış bu şəxsiyyət, haqlı olaraq, əbədi öndərimiz kimi sabaha gedən yolumuzun mayakına çevrilmişdir.Bənzərsiz tarixi şəxsiyyət kimi Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir lider obrazında təzahür edən, təmsil etdiyi xalqın və dövlətin yolgöstərəninə çevrilməyi bacaran və onun milli idealını təmsil edən dahi və müdrik bir insandır. Heydər Əliyev Azərbaycan tarixində ən ardıcıl və ən böyük istiqlalçı, ən böyük demokrat, ən böyük vətənpərvər, ən böyük dövlətçi və ən böyük əməl sahibidir. Onun fəaliyyətinin hər bir hissəsi xalqımızın mədəni inkişafına, iqtisadi və siyasi yüksəlişinə xidmət edən müvəffəqiyyətlərlə zəngindir.Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ömür yolu, həmişə uğur və qələbələrlə müşayiət olunan mübarizəsi iki minilliyi qovuşduran onilliklərdə tariximizin şərəf kitabının ən parlaq və zəngin səhifələrini təşkil edir. Milli tariximizin Heydər Əliyev zirvəsi gələcəyə gedən yolumuzu aydın görməyə geniş imkan yaratdığı kimi, keçmişimizi, xüsusən, yaxın dünənimizi də doğru-düzgün dəyərləndirməyimiz üçün dolğun mənzərə açır.Böyük şəxsiyyətlərin adı zəmanəsinin və xalqının rəmzinə çevrilir. Ulu öndər Heydər Əliyev millətimizin şərəf və ləyaqət ünvanına çevrilmişdir. Tariximizin son yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin zəkası ilə nurlanmışdır.Ölməzlik, həmişəyaşarlıq dahilərə, böyük şəxsiyyətlərə nəsib olan xoşbəxtlikdir. Xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də məhz belə xoşbəxt tarixi simalardandır.Müstəqil, demokratik-hüquqi dövlət Heydər Əliyevin gələcək nəsillərə qoyub getdiyi ən böyük əmanətdir və bu əmanətin qorunub saxlanması bir vətəndaş olaraq hər birimizin üzərinə böyük məsuliyyət qoyur.Dünyada hər şey dəyişir, qalan isə saf əməllərdir. Ulu öndər nəsillərin qəlbində öz əməlləri, ölməz ideyaları ilə yaşayacaqdır. Əsrlər, qərinələr keçəcək, Azərbaycan xalqı var olduqca, onun ümummilli lideri də daim yaşayacaq, heç vaxt unudulmayacaqdır.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)