21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Mənim ana dilim Azərbaycan dilidir. Bu dil məni dünyaya gətirən anamın dilidir, üzərində boy atıb böyüdüyüm Vətənimin dilidir, Azərbaycan Respublikasının dövlət dilidir. Azərbaycan dili həm qüdrətli və gözəl, həm də mənalı və şirin dildir. Bu dil ən mürəkkəb fikirləri ifadə etməyə, ən obrazlı epizodları çatdımağa qadir bir dildir. Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış, nə qədər hikmətli fikirlər söyləmişdir. Azərbaycan dili haqqında yazıçı Mirzə İbrahimovun fikri çox maraqlıdır. O yazır: "Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, şerlə, ahənglə, musiqi ilə doludur.” İnsan həyatında dil qədər lazımlı, dil qədər ecazkar bir şey yoxdur. Çünki məhz dilin köməyilə biliklərə yiyələnir, onun vasitəsi ilə öz sevinc və arzularımızı, sevgi və məhəbbətimizi, qəzəb və nifrətimizi bildiririk. Azərbaycan dili əsrlər boyu inkişaf edərək zamanlardan süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir. Bu incə və lətafətli dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur. Azərbaycan dili bizim varlığımız və sərvətimizdir. Onun saflığını və müqəddəsliyini qorumaq, yad təsirlərdən qurtarmaq bizim borcumuzdur. Mən Azərbaycan ölkəsində yaşayıb Azərbaycan dilində danışdığıma görə fəxr edirəm. Ana dilimizi qorumaq, inkişaf etdirmək hamımızın müqəddəs borcudur.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.