Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ NÖVBƏTİ KİTAB TƏQDİMATI OLUB

Naxçıvan Dövlət Universitetində Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalovun yeni işıq üzü görmüş iki kitabının - “İnformatika” və riyaziyyat üzrə fəlsəfə doktoru Kəmalə Qasımova ilə birlikdə yazdığı “Kompüterlərin arxitekturası” dərsliklərinin təqdimat mərasimi keçirilib. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri açaraq İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) cəmiyyətimizdəki yeri və rolundan, onların həyatımıza təsirindən və əhəmiyyətindən danışıb. Rektor tələbələrə İKT-nin imkanlarından səmərəli şəkildə istifadə etməyi, ölkəmizdə və muxtar respublikada bu sahənin daha da təkmilləşməsi üçün nəzəri bilikləri artırmağı tövsiyə edib. Naxçıvan MR Rabitə və İnformasiya texnologiyaları nazirinin müavini Əli Mikayılov müəllifləri təbrik edərək kitablar haqqında ümumi söz deyib. Bildirilib ki, müəllifin gərgin əməyi nəticəsində nəfis tərtibatda çapdan çıxmış “İnformatika” kitabı 12 fəsildən və fəsillərin hər birinə aid testlərdən ibarətdir. Dərslikdə informatikanın əsas anlayışları, Elektron Hesablama Maşınlarının (EHM) yaranma tarixi və inkişaf mərhələləri, kompüterlərin proqram təminatı, kompüter və internet şəbəkələri haqqında geniş məlumatlar öz əksini tapıb. “Kömpüterlərin arxitekturası” kitabı haqqında məlumat verən Əli Mikayılov 5 fəsildən və fəsillərə aid testlərdən ibarət dərsliyin ali məktəblərdə informasiya texnologiyaları və kompüter mühəndisliyi istiqamətində bakalavr pilləsi üzrə təhsil alan tələbələr, həmçinin uyğun ixtisaslar üzrə magistr, doktorant, mühəndis, elmi işçi və müəllimlər üçün nəzərdə tutulmuş əvəzolunmaz bir vəsait olduğunu diqqətə çatdırıb. Sonra Rabitə və İnformasiya texnologiyaları kafedrasının baş müəllimi Hüseyn Qasımovun “İnformatika fənninin predmeti, məqsədi və onun cəmiyyətdəki rolu”, fizika üzrə fəlsəfə doktoru, dosent Məftun Əliyevin “Hesablama texnikasının meydana gəlməsi və təşəkkül tarixi”, Rabitə və informasiya texnologiyaları ixtisası üzrə magistr Hüseyn Əsgərlinin “İnternetin yaranma tarixi” mövzusunda məruzələri dinlənilib. Məruzələrdə qeyd olunub ki, İKT-nin sürətlə inkişaf etdiyi XXI əsrdə bu sahənin daha dərindən öyrənilməsini təmin edəcək dərsliklərin yazılmasına ciddi tələbat var və təqdimatı keçirilən kitablar informasiya texnologiyalarının inkişafına öz dəyərli töhfəsini verəcək. Tədbirdə həmçinin elmi işlər üzrə prorektor, dosent Mübariz Nuriyevin kitab haqqında dəyərli fikirləri səslənib. Memarlıq kafedrasının baş müəllimi İsa İsayev və İnformasiya Texnologiyaları Sistemləri Mühəndisliyi (İTSM) ixtisası üzrə II kurs tələbəsi Elşən Əliyev də çıxış edərək hər iki müəllifi təbrik ediblər. Sonda müəllif, professor Cavanşir Zeynalov kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə və universitet rəhbərliyinə elmi-pedaqoji fəaliyyətinə göstərdiyi yüksək diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)