"Heydər Əliyev Universiteti" Kitabxanasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Qalib gəldi, qalib getdi" adlı 6 cildlik miniatur kitab dəstinin təqdimetmə mərasimi keçirildi. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov açaraq qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, ölkədə siyasi sabitliyin, sülh və demokratiyanın bərqərar olmasında, dinamik siyasi-iqtisadi inkişafın əldə olunmasında, Azərbaycanın beynəlxalq imicinin formalaşmasında dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xidmətləri misilsizdir. Rektor yeni nəşri ümummilli liderin siyasi ideyalarının öyrənilməsi və təbliği, poliqrafik tərtibat baxımından yüksək qiymətləndirərək kitabı nəşrə hazırlayan, redaktor Vaqif Məmmədova yeni yaradıcılıq uğurları arzuladı. Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev məruzəsində vurğuladı ki, Azərbaycan kitab tarixində ilk miniatür kitab dəsti olan yeni nəşr Azərbaycan Yazıçılar və Avrasiya Yazarlar Birliyinin üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Məmmədovun çoxillik redaktorluq səriştəsinin, nəşriyyat işində qazandığı mükəmməl təcrübənin bəhrəsidir. Burada böyük siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik və Azərbaycançılıq, elm və təhsil, mədəniyyət və incəsənət, ədəbiyyat haqqında, doğma yurdu Naxçıvanla bağlı 600 siyasi kəlamı toplanmışdır. Altıncı cilddə öz əksini tapmış, görkəmli şəxsiyytələrin ümummilli lider haqqında qiymətli fikirləri də xüsusi maraq doğurur. Şair-publisist, tarixçi alim Vaqif Məmmədovun siyasi-poetik təfəkkürünün, vətəndaş ziyalılığının işığında araya-ərsəyə gələn miniatür kitab dəsti dahi öndərin siyasi irsini yaşatmaq, gələcək nəsillərə çatdırmaq baxımından qiymətlidir. Universitetin Kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova, Azərbaycan tarixi kafedrasını dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov, Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayev çıxış edərək qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində işıq üzü görən ilk milli miniatür kitab dəstini ümummilli liderin 90 illik yubileyinə qiymətli töhfə, milli mədəniyyət tariximizdə hadisə kimi dəyərləndirdilər. Təqdimetmə mərasiminin sonunda miniatür kitab dəstini nəşrə hazırlayan, redaktor Vaqif Məmmədov tədbirin təşkilatçılarına minnətdarlıq etmişdir.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.