Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Böyük alim, əvəzolunmaz insan

Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Zöhrab Vəliyevin anadan olmasının 60 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirildi. Konfransı giriş sözü ilə açan universitetin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov tanınmış alim, bacarıqlı təşkilatçı, nəcib insan Zöhrab Vəliyevin elmi-pedaqoji fəaliyyəti, universitetin inkişafında və dəqiq elmlər sahəsində kadr potensialının formalaşmasındakı xidmətlərindən danışdı. Qeyd olundu ki, böyük alim, unudulmaz insan Zöhrab Vəliyevin alim-pedaqoq kimi yorulmaz və səmərəli fəaliyyəti, yüksək insani keyfiyyətləri gələcək nəsillər üçün nümunə olmalıdır. Konfransda universitetin “Ümumi və nəzəri fizika” kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru Nailə Qardaşbəyova, kafedranın dosenti, fizika üzrə fəlsəfə doktoru Xanəli Həsənov ,Tibb fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru Bəhruz Məmmədov, "Ümumi və nəzəri fizika” kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru Fərman Qocayev məruzəsində AMEA-nın müxbir üzvü, professor Zöhrab Vəliyevin qısa, lakin şərəfli ömür yoluna nəzər salaraq onun böyük alim və xeyirxah insan kimi məziyyətlərindən bəhs etdi. Zöhrab müəllimlə çiyin-çiyinə çalışmış həmkarları və dostları - universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev, universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mahir Xəlilov Naxçıvan Dövlət Universitetində elm və təhsilin inkişafında, pedaqoji kadr hazırlığında Zöhrab Vəliyevin də mühüm rol oynadığını vurğuladılar. Qabaqcıl maarif xadimi, qocaman pedaqoq Qadir Məmmədov Zöhrab müəllimin ailə üzvləri adından universitet rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. Konfransda AMEA-nın müxbir üzvü Zöhrab Vəliyevin həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş olundu və Elmi kitabxanaya bağışladığı şəxsi kitab fonduna baxış oldu.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)