Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında növbəti kitab təqdimatı.

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında universitetin Kitabxanaçılıq kafedrasının müdiri, dosent Nəzakət İsmayılovanın “Naxçıvan ədəbi mühiti: uşaq ədəbiyyatının inkişaf istiqamətləri və problemləri” kitabının təqdimetmə mərasimi olub. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitet əməkdaşının əməyinin bəhrəsi olan yeni nəşrin Naxçıvan ədəbi mühitinin Azərbaycan uşaq ədəbiyyatının təşəkkülündəki rolunu ortaya çıxarmaq, gənc ədəbi nəsli uşaqlarla bağlı yaradıcılığa istiqamətləndirmək kimi elmi dəyərlərindən danışıb, mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, müəllifə yaradıcılıq uğurları arzu edib. Qeyd olunub ki, kitab Naxçıvan ədəbi mühitinin uşaq ədəbiyyatı sahəsində qazandığı nailiyyətləri, iyirmiyə yaxın şair və yazıçının yaradıcılığını öyrəndiyi üçün Naxçıvanşünaslığa layiqli töhfə hesab oluna bilər. Yeni nəşr uşaq ədəbiyyatının gənc nəslin ziyalı-vətəndaş kimi formalaşmasında, onlarda bədii-estetik zövq, zəngin mənəviyyat, milli dəyərlər aşılamanmasındakı özünəməxsus rolunu öyrənir. Kitab uşaq poeziyasını müxtəlif tarixi mərhələlər və konkret müəlliflər üzrə təhlil etmək baxımından gələcək elmi tədqiqatlar üçün isnad mənbəyi rolunu oynayacaq. Tədbirdə Tarix-filologiya fakültəsinin dekanı, dosent İman Cəfərli “Uşaq ədəbiyyatının tədqiqində yeni mərhələ” adlı məruzəsində məhsuldar elmi fəaliyyətlə məşğul olan Nəzakət xanım İsmayılovanın 4 kitab, 100-dən artıq elmi məqalə müəllifi olduğunu, bir sıra beynəlxalq konfrans və simpoziumlarda iştirak etdiyini xatırladıb. Filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Eyvazov “Klassik və müasir uşaq ədəbiyyatı yaradıcılarının uğurlu tədqiqi” mövzusunda məruzə edərək kitabda Məhəmməd Tağı Sidqi, Əli Səbri, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə kimi görkəmli klassiklərin, eləcə də İlyas Fərəməzoğlu, Zaur Vedili, Qafar Qərib və digər müasirlərimizin uşaqlar üçün yazdığı ədəbi nümunələrin mövzu, janr aktuallığına görə əhatəli tədqiq olunduğunu bildirib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)