Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi və Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisaslarının tələbələri ilə görüşüb. Ali məktəbdə keçirilən görüşü rektor, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov açaraq qeyd edib ki, Ali Məclis Sədrini müvafiq Sərəncamı muxtar respublikada mütəxəssis hazırlığının səviyyəsinin yüksəldilməsi, müvafiq nazirlik və təşkilatların təhsil müəssisələri ilə əməkdaşlığının inkişafı, tədris olunan biliklərin praktitki tətbiqi və təkmilləşdirilməsində yeni bir mərhələnin başlanğıcını qoyub. Rektor, bu sənədin hər iki tərəf qarşısında mühüm məsuliyyət və başlıca vəzifələr qoyduğunu vurğulayaraq bu istiqamətdə atılan əhəmiyyətli addımlardan danışıb. Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov sözügedən Sərəncamın icrası məqsədilə ali məktəblə birgə hazırlanan tədbirlər planı barədə geniş məlumat verib. Nazir “Naxçıvan Muxtar Respublikasında nəqliyyat-yol kompleksinin yaranma tarixi və inkişafı” mövzusunda məruzə edərək bildirib ki, milli müstəqillik əldə edildikdən sonra Azərbaycanın hər yerində olduğu kimi Naxçıvanda da avtomobil nəqliyyatının inkişafı daim diqqət mərkəzində saxlanılır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 mart 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Avtonəqliyyat Dövlət Konserni, 27 mart 2007-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi yaradılmışdır. Nazirliyin mərkəzi aparatı və strukturuna daxil olan qurumları, habelə Azərbaycan Dövlət Dəmir Yolunun Naxçıvan hissəsi Nazirliyin vahid sistemini təşkil edir. Nazir qeyd edib ki, “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada nəqliyyat-yol kompleksinin yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Son illər muxtar respublikada bir neçə magistral yol beynəlxalq standartlara uyğun olaraq yenidən qurularaq ölkə prezidenti İlham Əliyev cənablarının iştirakı ilə istifadəyə verilmişdir. Bu gün muxtar respublikada 2004-cü ilin may ayının 12-də ölkə başçısının iştirakı ilə istifadəyə verilmiş, bütün dünya standartlarına cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. Nazir “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı”na uyğun olaraq regionda beynəlxalq əhəmiyyətli dəmiryol stansiyalarının yaradılması, 2010-cu ildə yaradılan “Naxçıvan Dəmir Yolu” Məhdud Məsuliyyətli Cəmiyyəti strukturunun görüdüyü işlər barədə də tələbələrə məlumat verib. Bildirilib ki, son 10 ildə nəqliyyat sektorunun davamlı inkişafı sayəsində yük və sərnişin daşımasının həcmi 2,3 dəfə artmış, 1 beynəlxalq hava limanı, 5 avtovağzal, 1 ədəd dünya standartlarına uyğun Avtobus Parkı tikilib istifadəyə verilmiş, 50 körpü salınmış, 797 kilometr uzunluğunda yeni avtomobil yolları çəkilmişdir. Son dövrlər nəqliyyat-yol kompleksi üzrə dövlət idarəetməsi sahəsində struktur islahatlar həyata keçirilməkdədir. Bu gün Naxçıvan Muxtar Respublikasında nəqliyyat-yol kompleksi hərtərəfli qayğı ilə əhatə olunub. Belə qayğı müqabilində gələcəyin nəqliyyat işçiləri də öz işlərini günün tələbləri səviyyəsində qurmağa səy göstərməlidirlər. Sonda tələbələrin Nəqliyyat nazirliyinin nəzdindəki müvafiq stuktur bölmələrdə təcrübə keçmələri, iş prosesini əsaslı şəkildə mənimsəmələri ilə bağlı təkliflər müzakirə olunub, tələbələrin sualları cavablandırlıb.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.