Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Elimizə Bahar gəlir

Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruzun süfrəsi də fərqlidir. Belə ki, istər süfrədə, çərşənbələrdə, istərsə də Novruz axşamında milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara başçəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir. Novruz axşamı axır çərşənbədə olduğu kimi niyyət edib qulaq falına çıxırlar. Eşidilən ilk söz niyyətin baş tutub-tutmayacağını aşkar edir. Bu qədim adət illərin sınağından çıxaraq özünü doğruldub. Papaqatma da Novruzun qədim adətlərindədir. Ev yiyəsi papağa bayram şirnilərindən yığaraq onu qapıya qoyur. Papağın yiyəsi öz sovqatını götürüb gedir. Çox erkən yaranan mərasimlər içində Novruz bayramı günlərində göstərilən tamaşa və oyunlar xüsusi yer tutur. Kiçik çillədən başlayaraq bu tamaşalara hazırlaşırlar. Cavanların özlərini göstərdiyi cıdır tamaşaları at çapma ilə başlar, sonra at oynatmaya keçərdi. Tamaşaya yığışanlar cavanlara uğur arzulayıb müxtəlif nəğmələr oxuyardılar. Atoynatmadan sonra ox atanlar meydanda görünürdü. Onların arasında qızlar da olurdu. Novruz bayramını kosasız təsəvvür etmək mümkün deyil. Sevindirici haldır ki, kosa oyunu hər bayram xatırlanır, rəqs etməyi bacaran bir uşağın əyninə tərsinə çevrilmiş kürk geyindirərək, üzünə kağızdan qayrılmış üzlük (maska) taxıb, başına da kəllə qənd kağızından uzun şiş papaq qoyardılar. Belinə zəncirovlu bir kəmər bağlanardı. Boynuna da zınqırovlar asardılar. Bu şəkildə hazırlanan kosanı məhəllə uşaqları araya alıb, həyətləri gəzdirərək bir hava ilə xor halında xüsusi bir nəğmə oxuyar, kosa isə oynayardı. Kosanın xurcununa bayram sovqatı qoyardılar. Kosanı adətən keçəl müşayiət edərdi. Beləcə əsrlərin yaşıdı olan Novruz bayramı adət-ənənələrlə zəngindir. Bu adət-ənənələri xalqımız unutmur və hər il qeyd edir. Ağsaqqallarımız, nənə-babalarımız öz bildiklərini danışdıqca yeni-yeni məlumatlar əldə edirik. Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Buna uyğun olaraq da Novruz bayramı ərəfəsində 4 çərşənbə qeyd olunur. NDU Elmi KItabxanasının bütün kollektivi adından Novruz Bayramınızı səmimi qəlbdən təbrik edirik.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)