Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Kitab təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında universitetinin rektoru, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvi Saleh Məhərrəmov, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov və biologiya üzrə fəlsəfə doktoru Əli Tahirov “Naxçıvanda arıçılıq ənənələri və perspektivləri” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev universitet müəllimlərinin son elmi-tədqiqatlarının məhsulu olan yeni elmi monoqrafiya, dərslik və dərs vəsaitlərinin təbliğində Elmi kitabxananın rolundan, yeni nəşrin elmi əhəmiyyətindən bəhs edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının zəngin flora və faunası, coğrafi mövqeyi, biomüxtəlifliyi ilə seçilən əlverişli təbiəti, relyef quruluşu, müxtəlif və məhsuldar torpaq örtüyü bu ərazidə qədim zamanlardan arıçılıq təsərrüfatı ilə məşğul olmasına əlverişli şərait yaradıb. Elmi mənbələrə istinadən yazılmış yeni dərs vəsaiti həvəskar və peşəkar arıçılar, baytarlıq mütəxəssisləri, orta ixtisas və ali məktəblərin müvafiq fakültələrinin tələbələri, magistrlər, doktorantlar, müəllimlər, aqronomlar, ekoloqlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş faydalı bir əsərdir. NDU-nun magistratura üzrə dekanı, biologiya üzrə elmlər doktoru Etibar Məmmədov məruzəsində Naxçıvanda arıçılığın inkişafının diqqət mərkəzində olmasından, arıçılıq ənənələrindən və perspektivlə-rindən, danışmışdır. Bu baxımdan yenicə işıq üzü görmüş “Naxçıvanda arıçılıq ənənələri və perspektivləri” adlı kitab arıçılığın bir sıra aktual problemlərinin həllini özündə əks etdirən sanballı bir ədəbiyyatdır. Təqdimat mərasimində “Baytarlıq təbabəti” kafedrasının müdiri, baytarlıq üzrə fəlsəfə doktoru Yunis Rüstəmli, baytarlıq ixtisası üzrə IV kurs tələbəsi Bahar Mustafazadə çıxış edərək kitabın elmi məziyyətlərini izah edib, arıçılıq təsərrüfatı ilə məşğul olanların gündəlik stolüstü kitabı olacağını vurğulayıblar. Sonda müəlliflər kitabın ərsəyə gəlməsində, təqdimat mərasimin təşkilində əməyi olanlara minnətdarlıq ediblər. Təqdimat mərasimində müəlliflərin elmi-pedaqoji fəaliyyətlərini əks etdirən sərgi və slaydlar nümayiş olunub.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)