Milli varlıq və mənəviyyat xəzinəsi olan Bahar bayramı müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz yadigarıdır. Kainatın dəyişməz ahəngi və əbədi qanunları ilə bağlı bu el bayramı zamanın sınaqlarından çıxmış çoxəsrlik mədəniyyətimizin parlaq təcəssümüdür. Novruz ənənələri dəyərlər sistemimizdə müstəsna yer tutmuş, xalqımızın təfəkkürünün ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Cəmiyyət üzvləri arasında qarşılıqlı ünsiyyətə çağırması, səmimiyyəti gücləndirməsi və yüksək əxlaqi keyfiyyətlər formalaşdırması onu ən ali insani xüsusiyyətlərin daşıyıcısı kimi ümumbəşəri mədəni sərvətlər sırasına daxil etmişdir. Bahar bayramı keçmişimizin ən çətin dövrlərində belə zehinlərdən silinməyib gələcəyə inamımızı sarsılmağa qoymamışdır. Qəlbimizin dərinliklərində kök salaraq milli özünüdərk məfkurəsini yaşatması sayəsində o, ötən əsrin sonlarına doğru Azərbaycanda müstəqil dövlətçilik ideallarının gerçəkləşməsini təmin edən mühüm amillərdəndir. Mənəvi mədəniyyətimizin zənginliklərini özündə toplamış qədim Novruz mərasimlərini qloballaşmanın vüsət aldığı, sürətlə dəyişən dünyada bütün rəngarəngliyi ilə layiqincə qoruyub saxlaması müasir Azərbaycanın tarixi-mədəni və milli-mənəvi irsə bağlılığının rəmzidir. Təsadüfi deyil ki, xalqımızın bir çox nağılları, nəğmələri, meydan tamaşaları, maraqlı ağız ədəbiyyatı nümunələri, şeirlər, nəsr nümunələri novruz adət-ənənələrində yer almışdır. Sərgidə Hacı Qadir Qədirzadənin “Milli -mənəvi dəyərlərimiz”, Əbülfəz Quliyevin “Şənlik mərasim nəğmələri”, Abdulla Şaiqin “Bahar”, Firəngiz Xəlilovanın “Adət və ənənələr”, Kamal Həsənovun “Qədim Azərbaycan xalq rəqsləri”, Ağalar Mirzə, İntiqam Mehdiyevin “Novruz töhfəsi”, “Atalar sözü”, “Tapmacalar” , Əfəndi R. “Azərbaycan incəsənəti”, “Naxçıvan milli geyimləri”, “Novruz bayramı ensiklopediyası”, “Naxçıvan folkloru” və s. kitablar nümayiş edilir. Sərgi ayın sonuna qədər davam edəcək.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.