|
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanası “Kitabxana könüllüləri” üçün təlim keçirilmişdir
|
06.05.2022
|
|
NDU Elmi Kitabxanasında kitabxana könüllüləri üçün təlim keçirilmişdir. Təlimi giriş sözü ilə açan Elmi kitabxananın baş kitabxanaçı Çinarə İsmayılova ilk öncə, könüllü fəaliyyətin mahiyyəti, hüquqi tərəfləri, kitabxanada könüllülərlə işin təşkili prinsipləri haqqında iştirakçılara məlumat vermişdir. Qeyd olunmuşdur ki, könüllülərin kitabxanaların fəaliyyətinə cəlb edilməsi kitabxana işinə yeni bir baxış, yaradıcı fikirlər gətirə bilər.
Daha sonra çıxış edən baş biblioqraf Maral Babayeva Elmi Kitabxananın yaranma tarixi, fəaliyyət istiqamətləri haqqında bəhs etmişdir. Natiq, eyni zamanda, iştirakçıları kitabxanada işin təşkili, mövcud şöbələr, fondlar haqqında məlumatlandırmışdır.
Təlimdə iştirakçılara könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlərin tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənməsi izah olunmuş və sonda 40-a yaxın kitabxana könüllüsü ilə müqavilə imzalanmışdır. Kitabxana könüllüləri sırasında yalnız Naxçıvan Dövlət Universitetinin deyil, eyni zamanda, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Universitetinin də müxtəlif ixtisaslardan olan tələbələri yer almaqdadır. Qeyd edək ki, kitabxana könüllüləri sədri vəzifəsinə NDU-nun Psixologiya ixtisası üzrə I kurs tələbəsi Həcər Ələsgərova, sədr müavini vəzifəsinə isə Coğrafiya ixtisası üzrə III kurs tələbəsi Ömər Babayev təyin olunubdur.
Sonda könüllülər kitabxana şöbələri, fondları, əməkdaşların iş prosesi ilə yaxından tanış olmuşlar.
|
|