|
“Gənclər və Azərbaycanın xarici siyasəti” mövzusunda növbəti tədbir keçirilib.
|
04.05.2022
|
|
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi Partiya Təşkilatı və ali təhsil ocağının Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Gəncliyin missiyası: Dövlətçiliyə sədaqət” layihəsi çərçivəsində “Gənclər və Azərbaycanın xarici siyasəti” mövzusunda növbəti tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq baş katibi Ramil Həsən tələbə-gənclərlə görüşüb.
Ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Qeyd olunub ki, bu gün cəmiyyətimizdə savadlı, müasir dünyagörüşlü, vətənpərvər gənc kadrların formalaşdırılması mühüm dövlət siyasətinin tərkib hissəsi kimi qəbul olunmaqdadır. Diqqətə çatdırılıb ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev müasir gəncliyin müstəqil dövlətçiliyin inkişafındakı aparıcı rolundan danışıb. Qeyd edilib ki, gənclər cəmiyyətin aparıcı, daim axtarışı və yeniliyi sevən qüvvəsidir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq baş katibi Ramil Həsən çıxış edərək bildirib ki, bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Vurğulanıb ki, Azərbaycan gəncliyi öz uğurlu missiyasını davam etdirir, azad edilmiş torpaqlarımızı qarlı-şaxtalı səngərlərdə göz bəbəyi kimi qoruyur. Əminik ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın çiçəklənməsində, tarixi torpaqlarımızın dirçəldilməsində də gənclərimiz yaxından iştirak edəcək.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
|
|