Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası
1968-ci il aprel ayının 23-dən fəaliyyət göstərir. İctimai əsaslar üzrə
kitabxanaya rəhbərlik o zaman tədris işləri üzrə direktor müavini vəzifəsində
işləyən filologiya elmləri namizədi Yavuz Axundova tapşırılmışdır.
Yenicə təşkil olunmuş kitabxananın fondunu yaratmaq üçün vəsait
ayrılmış, lazımi ədəbiyyat və materiallarla təmin edilmişdir. Cəmi 370 kitabla
fəaliyyətə başlayan kitabxananın fondu qısa bir zamanda zənginləşmişdir. Bura
Azərbaycan və rus dillərində olan 290-dan artıq kitab Bakı Dövlət
Universitetindən və AMEA-nın Mərkəzi Elmi Kitabxanasından, M.F.Axundov adına
kitabxanadan və müxtəlif institutların kitabxanalarından hədiyyə edilmişdir.
1971-ci ildə yalnız 1 şöbədən və 1 oxu zalından ibarət olan kitabxanaya o
zaman institutun tarix-filologiya fakültəsində qiyabi təhsil alan Novruz
Quliyev, 1972-ci ildə isə institutun «Pedaqogika» kafedrasında laborant işləyən,
hazırda həmin kafedranın müəllimi Bəyim Vəkilova, sonra müxtəlif illərdə Şövkət
Qasımova, Qafar Əliyev, Teyyubə Abdullayeva, Pərvin Əliyeva və Aypara Behbudova rəhbərlik
etmişlər. Hazırda NDU-nun Elmi Kitabxanasının direktoru Fariz Əhmədovdur.
Kitabxanada ədəbiyyat mübadiləsini təşkil etmək məqsədi ilə hələ keçən
əsrin səksəninci illərində xüsusi fond yaradılmış, kitabxana keçmiş Sovet
İttifaqının və bir sıra xarici ölkələrin elmi qurumları, kitabxanaları ilə
mübadilə aparmışdır. Həmin dövrdə kitabxananın fondu nisbətən zənginləşmişdir
ki, bunlardan 2000-dən artıq kitab mübadilə yolu ilə əldə edilmişdir.
Respublikamızda nəşr edilmiş çap məhsullarının pulsuz məcburi nüsxələri ilə fond
daha da zənginləşdirilmiş, məlumat-biblioqrafiya işinin yaxşılaşdırılması
istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir.
Kitabxananın fondunu 1985-ci ildə 60 min nüsxə Azərbaycan, rus və xarici
dillərdə çap olunmuş nadir və müstəsna əhəmiyyətli nəsr əsərləri, elmi
ədəbiyyatlar təşkil etmişdir. 1987-ci ildən kitabxana respublikada nəşr edilən
çap məhsullarının pulsuz məcburi nüsxələrini almışdır. Naxçıan Dövlət
Universitetinin kitabxanası 1996-cı ildən etibarən daha da təkmilləşdirilərək
inkişaf etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi sayəsində
Naxçıvan Dövlət Universitetinin kitabxanası üçün yeni beşmərtəbəli bina inşa
edilmişdir. Beləliklə, kitabxana 2004-cü ilin may ayında Avropa standartlarına
uyğun beşmərtəbəli binaya köçürülmüşdür. Bundan sonra kitabxananın tarixində
yeni inkişaf mərhələsi başlanmış, oxuculara xidmət işində mütərəqqi üsullar
tətbiq edilmişdir.
Görkəmli şəxslərin kitabxanaya kitab hədiyyə etməsi artıq ənənə halını almışdır.
Belə ki, akademik İsa Həbibbəyli ,AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat
elmləri doktoru, mərhum Zöhrab Vəliyev, akademik Budaq Budaqov, akademik Məmməd
Cəfər Cəfərov, pedaqogika üzrə fəlssəfə doktoru, dosent Gültac Əliyeva və
başqaları öz şəxsi kitab fondlarından kitabxanaya xeyli kitab hədiyyə etmişlər.
Hətta NDU-nun rektoru, akademik İsa Həbibbəyli şəxsi kitabxanasındakı 21 000
ədəd kitabdan 5000 ədədini kitabxanaya hədiyyə etmişdir Muxtar Respublikada elm
sahələri üzrə ən iri elmi kitabxana sayılan NDU Elmi Kitabxanasının fondunda
dünyanın 30-dan çox dilində 200 000-dən artıq ədəbiyyat saxlanılır.
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının 11 nəfərdən ibarət Elmi Şura
üzvləri var.
NDU-nun kitabxanası dünya elmindən, beynəlxalq kitabxana təcrübəsindən
bəhrələnərək oxuculara yüksəık səviyyədə xidmət göstərir. Fond və oxu zallarının
hər birinin konkret elm sahələri üzrə ixtisaslaşdırılması və hər zalın ayrıca
mərtəbələrdə yerləşdirilməsi bu kitabxananın Avropa kitabxana sisteminə
inteqrasiyasının bəhrəsidir. Hazırda kitabxanada ayrı-ayrı elm sahələri üzrə
ixtisaslaşdırılmış 11 fonr və 11 oxu zalı oxuculara yüksək səviyyədə xidmət
göstərir.